Valideynlər uşağa məsuliyyət şüurunu aşılamaq üçün nə etməlidirlər?

Valideynlər öz davranışları ilə övladlarına nümunə olurlar. Əslində, ailə dövlətin qanunlarını təmsil edir. Uşaqlar bu qaydaları valideynlərindən öyrənərək davranışlarını nizamlayırlar və hər dövrdə yaşlarına uyğun məsuliyyətlər verilərək həyata hazırlanırlar. Uşağa həm məsuliyyət verilməli, həm də məsuliyyətli olmağın niyə vacib olduğu izah edilməlidir ki, şüurlu bir şəkildə anlayıb, həyata keçirmiş olsun. Məsuliyyət duyğusu ailədə uşağa nə qədər vaxtında verilsə, o qədər təsirli olar. Təbii ki, seçmə haqqı ilə bərabər verilsə, uşağın şəxsiyyəti daha sağlam formalaşar.

Çünki seçmə haqqı verilən uşaq müstəqillik üçün ilk addımı atmış olur. Geyinəcəyi paltarı, oynayacağı oyuncağı seçən uşaq öz seçimini özü etmiş olur. Belə fərdlər həm nə istədiklərini ailələrinin köməyi ilə özləri müəyyən edir, həm də öz seçimlərinin məsuliyyətini özləri almalı olduqlarını özləri dərk edirlər.

Valideynin uşağın yerinə qərar verməsi uşağın məsuliyyət duyğusunun qarşısını almasına səbəb olur. Əgər məsuliyyətli uşaqlar böyütmək istəyiriksə, uşaqlarımız fikirlərinə əhəmiyyət verməli, onların xarakterinə uyğun özlərini yaxşı hiss etdikləri sahələrdə seçim etmələri üçün onların yanında olmalı, həmçinin, azadlıq verərək (təbii ki, hər istədiklərini etməmək şərtilə) azad fərdlər yetişdirməliyik.

Digər tərəfdən uşağın gözündə böyüyən öhdəliklərlə onların cəsarətini qırmaq da olmaz. Əgər uşağımızın məsuliyyətdən qaçmasını istəmiriksə, məsələn: “Otağını yarım saata tər-təmiz elə”, – demək əvəzinə “Gəl işi hissələrə bölək. məsələn, yerdəki paltarlarını yığışdıra bilərsənmi?”- demək daha məqsədəuyğundur. Əgər uşağınız ev tapşırıqlarını etmək əvəzinə kompüterin arxasından qalxmırsa, ola bilər ki, həddən çox dərsi olduğunu buna vaxtının və gücünün yetməyəcəyini düşünsün. Fili necə yeyərsiniz ? Parçalayaraq. Təbii ki, bu halda ona dərslərini necə planlı şəkildə hissələrə bölə biləcəyini, lazım gəldikdə fasilə verə biləcəyini, həmçinin, əyləncəli fəaliyyətlər üçün vaxt ayıra biləcəyini izah edə və övladımızı motivə edə bilərik. Təbii ki, valideyn bacardıqca anlayışlı, səbirli olmalı və övladı ilə empatiya qurmağı bacarmalıdır.

Uşaqla keyfiyyətli vaxt keçirmək uşağın inkişafında, eyni zamanda özünə inamında böyük rol oynayır. Çünki ona vaxt ayırmaq şüuraltına “Mən sənə vaxt ayırıram, çünki sən buna layiqsən”, –  mesajını vermiş olur. Tapşırıqlarını həll etdiyi, otağını səliqəyə saldığı zaman təqdir etmək lazımdır ki, bu etdiyinin doğru olduğunu anlasın. Validyn bəzən uşağı motive edib cəsarətləndirməli və qabiliyyətinə uyğun işlər və məsuliyyətlər verməlidir. Məsələn, ev heyvanlarına baxmağı uşağa tapşırmaq olar və ya o, mətbəxdə anasına kömək edə bilər, ya da çöl işlərində atasına yardım edə bilər və s. Qaydalara əməl etmək, seçimlərinin nəticələri qarşısında səbr nümayiş etdirmək, öz sərhədlərini bilərək başqa insanların və digər canlıların da haqqlarına hörmət etmək demək olan məsuliyyət duyğusu öyrənilərək inkişaf etdirilən bacarıq və ya dəyərdir və bu məsuliyyət duyğusunu ən əvvəl ata-anadan, sonra da ətrafdaki insanlardan öyrənmək olar. Bu duyğu özünə inamla da düz mütənasibdir. Özünə inamı əskik olan bir uşaq addım atmağa qorxacağı, hər şeydə ata-anadan soruşub dəstək almaq ehtiyacı hiss edəcəyi üçün məsuliyyət almaqdan da qaçacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir