Valideyn öhdəlikləri hansılardır ?

Ailənin bəzəyi xoşbəxtlik və sevinc qaynağı uşaqlar ata-anaya Allahın əmanətidir. Valideyn uşağının tərbiyəsinə görə həm Allaha, həm cəmiyyətə həm də uşağa qarşı məsuliyyət daşıyır. Övladına qarşı öhdəliklərini yerinə yetirərkən də həm özünə, həm övladına, həm də cəmiyyətə gözəl tövhələr vermiş olur. Övladını uşaqlıqdan ailəsinə, xalqına, vətəninə sədaqətli, vətənpərvər ruhda böyüdüb, faydalı şəxs kimi cəmiyyətə hazırlamaq ata-ananın çiyninə düşən vəzifədir.

Valideyn və uşaq öhdəlikləri və hüquqlarına əsasən 3 aspektdən baxmaq olar:

İslami, psixoloji, hüquqi. Valideyn və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir. Uşağın ailədə yaşamaq, tərbiyə olunmaq, qohumları ilə ünsiyətdə olmaq, müdafiə olunmaq, öz fikirlərini bildirmək, ad, soyad daşımaq və əmlak hüquqları ətraflı şəkildə göstərilir ki, bu mövzunu hüquqşünaslar daha gözəl izah edə bilərlər.

Məsələyə psixoloji tərəfdən baxdıqda isə təbii ki, ailədə hər kəsin özünəməxsus vəzifələri var. İlk növbədə uşağın fizioloji ehtiyacları (yemək, yatmaq, təmizlik sağlamlıq) ilə psixososial ehtiyacları (sevmək, sevilmək, aid olmaq, qorunmaq) vaxtında və mütəmadi olaraq qarşılanmalıdır. Əsasən də 0-3 yaş dövründə ana ilə uşaq arasında qurulacaq emosional münasibət çox vacib olduğu üçün bu dövrdə bacardıqca uşağın yanında olmalı, əgər valideyn işləməyə məcburdursa, işdən sonra övladı ilə keyfiyyətli vaxt keçirməyə çalışmalıdır. Uşağın gələcəkdə məsuliyyətli şəxsiyyət olmasını istəyiriksə təbii ki, onun əvəzinə bütün işləri valideyn görməməli, yəni, övladının əli-ayağı olmaq əvəzinə ona da öhdəliklər verərərək, azad şəxsiyyətkimi böyütməyə çalışmalıdır. Valideyn həmçinin, uşağı görə biləcəyi asan işləri ona tapşırmalı və uşaqda qərar vermək, özünə inanmaq, məsuliyyət daşımaq kimi duyğuların inkişaf etməsinə dəstək olmalıdır.

Öz vəzifələrini dərk edən, öz işlərini bu şüurla görən və əmllərinə görə cavabdeh olduğunu bilən bir insan məsuliyyətli insandır. Məsuliyyət bəlkə də bütün insani məziyyətlərin ən üstünü olduğu üçün valideyn bu duyğunu övladına qazandırmağa çalışmalıdır. Ata-ananın uşağa münasibəti onun gələcəkdə necə bir şəxsiyyət olacağını müəyyənləşdirir. Bu baxımdan şəxsiyyətin ən böyük memarının ata-ana olduğunu deyə bilərik. Əgər valideyn demokratik şəkildə davranarsa, övladını qarşılıqsız şəkildə sevərsə, övladının maraq dairəsinə (təbii ki, həm də qabiliyyətinə) uyğun şərait hazırlayarsa, onda valideyn də mənəvi rahatlıq tapar, uşaq da özünü rahat hiss edər. Beləliklə də özünü rahat ifadə edən və özünün söz haqqı olduğunu bilən uşaq ailədə qoyulan qaydalar çərçivəsində azad böyüyər. Ata-ana uşaqlarına gözəl nümunə olmalı, görmək istəmədiyi davranışı özü də etməməlidir. Uşaq valideynlərinə nə qədər yaxın və yaxşı tərbiyə edilmiş olsa pisliklərdən də o qədər uzaq olar. Uşaq valideynləri ilə nə qədər xoşbəxtdirsə, iş həyatında da, quracağı ailədə də, həyatın digər sahələrində də o qədər xoşbəxt olur. Valideynləri ilə sağlam əlaqələri olan övladların bütün həyatları boyu problemləri də daha az olar. Təbii ki, valideynin psixoloji sağlamlığının, dünyagörüşünün, övladına davranış tərzinin də uşağa təsiri çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir