Məni anlayın. Buna ehtiyacım var.

Psixoloji narahatlıq yaşayan insanlar ətrafı tərəfindən daha çox anlaşılmağa ehtiyac duyur. Onlar “Mən özümü çox pis hiss edirəm” deyəndə “Sən? Sən çox güclüsən, necə ola bilər?” və ya “Mənə elə görsənmirsən”, “Özünü belə aparıb diqqət çəkməyə çalışırsan”, “Hamı kefsiz ola bilər, bir az özünü ələ al” kimi ifadələrlə qarşılaşırlar. Belə ifadələrlə qarşılaşdığı təqdirdə psixoloji narahatlığı olan insan “belə hiss etmək mənim günahımdır”, “həqiqətən də özümü belə hiss etməyim doğru deyil” deyə düşünür. Halbuki, hamı psixoloji sarsıntı, psixoloji narahatlıq hissi yaşaya bilər. Qarşılaşdığımız hadisələrə vermiş olduğumuz reaksiyalar individual xarakterlidir. Bioloji və sosial olaraq heç bir problemi olmayan şəxs də psixoloji narahatlıq hiss edə bilər və bunu ifadə etməsi bir çox halda çətin olur. “Sənin nəyin əksikdir ki, kefsizsən?” cümləsi isə bu narahatlıqla əlaqəli təkrarlanan döngünü yenidən aktivləşdirir. Ətrafı tərəfindən başa düşülməmək nəticəsində fərd “probleminin olmadığını” qəbul edə bilər. Amma bu gerçək rahatlıq gətirməz, əksinə narahatlıq davam edə və yaxud arta bilər. Əgər biri psixoloji narahatlıq keçirirsə və bu narahatlığa görə özünü günahlandırırsa, sağlam həyat üçün atacağı addım budur: Günahlandırmanı dayandır və peşəkar psixoloji dəstək al.

Psixoloji narahatlıq yaşayan insanlar öz iradələri ilə, öz bildikləri yollarla, ətrafın təqdim etdiyi çıxış yolları ilə problemlərini həll etməyə çalışırlar. Amma unutmaq olmaz ki, belə olan halda professional psixoloji və lazım gələrsə, psixiatrik dəstək alınması vacibdir. Psixoloji problemi olan insana nə qədər tez dəstək olunsa, o qədər sürətli və qalıcı nəticə almaq olar. Hər ötən zaman problemi daha da dərinləşdirə və başqa problemlərin (ünsiyyətdə, özünü ifadə etmədə, işdə və s.) ortaya çıxmasına səbəb ola bilər.

PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Uzman Psixoloji Konsultantı və Cinsi Münasibətlər üzrə Terapevti Maarif Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir