Başqasını psixoloqa necə yönləndirməli?


Bəzən bizə çox yaxın olan insanların psixoloqa getməsinə böyük ehtiyac olduğunu gördüyümüz halda onu yönləndirməkdə çətinlik çəkirik. Psixoloji yardımın onun üçün çox əhəmiyyətli olduğuna inandığımız halda dediklərimiz onun üçün sanki heç bir məna ifadə etmir.
Əgər kimisə psixoloqa yönləndirmək istəyirsinizsə, bunlara diqqət edin:

– Ümumiyyətlə ünsiyyətdə mesajın verilmə zamanı, üslubu çox əhəmiyyətlidir. Əgər kimisə psixoloqa yönləndirmək istəyirsinizsə, bu barədə danışacağınız vaxtı düzgün müəyyən etməlisiniz. Hansısa mübahisə və ya gərginlik zamanı qarşı tərəfi psixoloqa yönləndirməyin, sizin psixoloqa getmək təklifiniz qəbul olunmayacaq. Xüsusilə həmin adamla yaşamış olduğunuz gərgin atmosferdə “sənə demişdim və indi də deyirəm: sən psixoloqa getməlisən” kimi ifadələriniz nəticəsiz qalacaq.

– Qarşı tərəfi aktiv şəkildə dinləyin. Onun sözünü kəsməyin, cavab vermək xatirinə cavab verməyin. Əgər sizin də məlumatlı olmadığınız bir mövzuda sual soruşarsa, “maraqlanıb sənə deyəcəm” deyərək düzgün məlumatı alın və vaxt itirmədən onunla paylaşın.

– Ünsiyyətdə ən əsas faktorlardan biri istifadə etdiyiniz sözlər və onu ifadə etmə tərzinizdir. Sizə yaxın adamı psixoloji yardım almağa yönləndirəcəksinizsə, bu prosesdə ona dəstək olacağınızı, müştərək addımlar ata biləcəyinizi, onun fərqliliklərini mühakimə etmədən yanında olacağınızı hiss etdirsəniz, təklifinizi qəbul etmə ehtimalı çoxalacaq.

– “Mənə nə olub ki, psixoloqa gedim? Dəliyəm mən?” Əgər psixoloji yardıma ehtiyac gördüyünüz adamın bu xidmətə qarşı ön mühakiməsi varsa, bununla əlaqəli danışmağınız lazımdır. Burada diqqət edəcəyiniz məqam qarşı tərəfin duyğularını və düşüncələrini rahat formada sizə çatdırması və heç bir tənqid olmadan dinləniləcəyini hiss etməsidir.

Maarif Məmmədov
Uzman Psixoloji Konsultant,
Cinsi Münasibətlər üzrə Terapevt

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir